17 мая 2024

DÜŞMÜŞƏM

Ariflik yolunun mənəm yolçusu,
Ədəb dağlarında qara düşmüşəm.
Bilmirəm idrakın nədir ölçüsü,
Bilmirəm haradan hara düşmüşəm.
Göyləri qoy sənə verim, genişdir,
Sənin töhmətinə dərim genişdir,
Kasıbın qəlbində yerim genişdir,
Varlının cibində dara düşmüşəm.
Şirin fəryadmısan, acı dadmısan,
Baş qoyub dizimə rahat yatmısan,
Divin quyusuna məni atmısan,
Mən də taleyimdən vara düşmüşəm.
Mənə can verən o nəfəsdən keçdim,
Ötəri duyğudan, həvəsdən keçdim,
Ana izzətinə hər kəsdən keçdim,
Nə olsun gül üzlü yara düşmüşəm.
Xanlaram, dərsimi aldım, sonunda,
Tək olan Allahın kimdir yanında,
Fili oynatmışam ər meydanında,
Qarışqa önündə zora düşmüşəm.
XANLAR HƏMİD. 23. 11.2022