19 мая 2024

SƏSİNÇÜN DARIXMIŞAM…

Taleyim yarpaq kimi əlində küləklərin,
Bu sevda dənizində bir yelkənsiz gəmiyəm.
Soruşma ki necəyəm, necə keçir günlərim,
Yaşayıram birtəhər, görmədiyin kimiyəm…

Bilmədiyin kimiyəm…gəl ki biraz dərdləşək,
Yenə əvvəlki kimi qopaq bu yer üzündən.
Peşmanlıqlar tökülsün gözlərindən yuxu tək,
Mən də şikayət edim sənə sənsizliyimdən.

Qoy kənardan baxanlar dəli desinlər mənə,
Sevincimdən gah bir az gülüm, bir az ağlayım.
Uşaq kimi qısılım, baş söykəyib sinənə,
Burnumu köynəyinə silim, bir az ağlayım

Həsrətindən hər gecə damla-damla əridim
gün altında qar kimi…
taleylə barışmışam.
Adını söyləməkdən nə fayda var?
Kiridim…
Hər şey bir yana qalsın,səsinçün darıxmışam…

Ötüb keçdi o günlər, çətin ki geri dönər,
Burdan- bura nə qalıb daha ömrün qışına?
Yenidən təzələnər köhnəlmiş xatirələr
Unutdun sandıqların qəfil çıxsa qarşına…

Soruşma ki necəyəm, necə keçir günlərim,
yaşayıram birtəhər, görmədiyin kimiyəm
Taleyim yarpaq kimi əlində küləklərin,
Bu sevda dənizində bir yelkənsiz gəmiyəm…

Müəllif: Xatirə Xatun