17 мая 2024

QAYITMA GERİYƏ, SOYUMUŞ ADAM

İndi öz hayımda, öz dərdimdəyəm,
Qayıtma geriyə, soyumuş adam.
Yaxşı günlərimdə məni buraxıb,
Mənli günlərindən doyumuş adam.

Qayıdıb arxada buraxdığının,
Hisslərin oynadıb, köksün qanatma
Yenidən əlində məni fırladıb,
Taleyin qaranlıq üzünə atma.

Mən arxa planda olan adamam,
Nə dadım, nə də ki, duzum qalmayıb.
Təzədən üzünə durub baxmağa
Deyib, danışmağa sözüm qalmayıb.

İndi həyatım da ağacdan düşən,
Sapsarı saralmış yarpaq kimidir.
Mənim xoş görünən, gülən sifətim,
Üzü buz bağlamış torpaq kimidir.

Daha qismətini sınamayasan,
Sən ümid yolunu çoxdan itirdin.
Hər gün qram-qram itən sevginin,
Kitabın bağlayıb özün bitirdin.

Müəllif: Əyyub Türkay