17 мая 2024

NAĞARA

Ad günündə Vüqara
Ata  aldı  nağara.
Sonra çağırıb onu,
Başa saldı oğlunu.
— Nağaranı almışam,
Səni razı salmışam.
Bax, elə et ki, ancaq
Biz səndən razı qalaq.
Televizora baxılsa,
Evə bir qonaq gəlsə,
Kimsə olarsa xəstə,
Xoşu gəlməsə səsdən,
Bacın dərs oxuyanda,
O məqamda, o anda
Nağaraya əl atma,
Bizi narahat etmə.
Vüqar dedi nəhayət:
— Ata, sizi narahat
Etmərəm azacıq heç,
Gözlərəm olsa da gec;
Hamı yatandan sonra
Çalacağam nağara.

Müəllif: Əhməd Haqsevər