16 июня 2025

ELƏ DARIXIRAM SƏNDƏN ÖTƏRI

Yenə darıxmaqla açdım səhəri,
Sıxır ürəyimi, darıxmaq sıxır.
Elə darıxıram səndən ötəri,
Həsrətin acısı gözümdən çıxır…

Mən bu darıxmağı, de, hara yazım?
Bu qəfil yağışa söyləyim bəlkə?
Alıb dalğasına bir damlasının
Sənin ürəyinin damından tökə!

Bir də görəsən ki damır qəlbinə,
Sıxılır ürəyin, üşüyür için.
Qəfil anlayasan-hardasa yenə
Yamanca darıxıb biri səninçün…

Bəlkə axşam çağı əsən küləyə
Bələyib ahımla yollayım sənə?
Hansı vəbalimlə qarşılayarsan?
Hansı günahımla yollayım sənə?

Bir payız səhəri tutub üzümü
Bomboz buludların seyrəngahına
Sənə göy üzüylə mesaj göndərim,
Al bu darıxmağı, qat sabahına.

Sıxır ürəyimi, darıxmaq sıxır,
Yenə də onunla açdım səhəri.
Həsrətin acısı gözümdən çıxır,
Elə darıxıram səndən ötəri…

Müəllif: Xatirə Xatun