28 апреля 2025

ÖMRÜMÜN QATARI, BİR AZ YAVAŞLA

Ömrümün qatarı, bir az yavaşla,
Həmişə sevincdən kəm olmuşam mən.
Taleyin bəxtəvər üzün görməyib,
Əzəldən gözləri nəm olmuşam mən.

Özümü şaxtaya, sazağa atdım,
Dərdimə yorğantək bürünüb yatdım,
Sevginin daşını uzağa atdım,
İndi günləri də qəm olmuşam mən.

Könül xanimanım sularda batdı,
Əllərim nə yağa, nə bala batdı ,
Fələk bəd yollara məni də atdı,
İçib badə-badə dəm olmuşam mən.

Nə gücüm olmadı, dağıdam, vuram,
Nə varım olmadı, yaradam, quram,
Sakitcə danışdım mən aram-aram,
Ta əvvəldən səsi bəm olmuşam mən.

Könlümü çox verdim mən ona-buna,
Tapmadım sevgidə həqiqi məna,
Eşq uca binadır, mən isə bənna,
Elə ustalıqda xam olmuşam mən.

Nəyə əl atdımsa, quruya dəydi,
Evləndim toy günü dedilər bəydi,
Heyif çox çəkmədi aramız dəydi,
Yerinə yetməyən kam olmuşam mən.

Ələyim ələnib, kül ələyində,
Bir də əlim gəzməz, yar hörüyündə,
Dindirmə, yanıram od körüyündə,
Pərvanə dolanan şam olmuşam mən.

Müəllif: Əyyub Türkay