17 мая 2024

TİTRƏYİR

Əzbərlədiyim şeiri
beş alandan sonra yenə unutdum.
Sinifdə havam çatmır,
nəfəs almağa hava tapmıram bir udum.
Amansız taleyimin xəyal qırıqlığına
ümid yaşatdıqca əfsanə
Sən bilmədin,
heç kimə açıb oxuya bilmədiyim bir şeiri yazdım sənə.
Sən məni o gün, hissin, həyəcanın leysanında boğdun,
Əvəzində köhnə partaların arasında şair doğdun.
Şeir yazmağı öyrətdin mənə,
Bir dəftər, bir qələm verdin mənə.
Həsrətin fəsillərindən ilə dönən,
əsrə dönən bir aləm verdin mənə.
Bitmək bilmir dəftərin sətirləri,
Qurtara bilmir qələmin mürəkkəbi.
Yenə də dəlik-dəlikdi buludların çətirləri,
Yaraşırmı mənə görəsən islanmaq dəbi?
Titrəyir payıza düşüb üşüyən yarpaqlar,
Və gecənin qaranlığından sənə uzatdığım barmaqlar…
Müəllif: Məmməd Həbib