25 мая 2025

SƏMƏNDƏR QUŞU KİMİ..

Boylanırsan şəkildən, baxışların nigaran
Gözlərindən, üzündən hüzn yağır, qəm yağır.
Utanma, dilə gətir, səni də yorub hicran?
Elə baxırsan ki, lap görən deyər darıxır…

Bapbalaca dünyama düşən gün işığıydın,
İndi çiçəklərini şaxta vuran baharam.
Bir zamanlar dəli tək ətrinə aşıq idim,
Heç ağlına gəldimi qoxunu unudaram?

Sən ki, yaxşı bilirdin qəlbi kövrək biriyəm,
Bir kəpənək misalı ruhum incədən incə.
Bu sərsəri sevdanın könüllü əsiriyəm,
Özümə gələmmirəm ağlıma sən gəlincə…

Nömrən hələ gizlənir ağlımın yaddaşında,
Nə zəng edəcəm amma,nə də mesaj yazanam.
Buz dağıdır həsrətin ürəyimin başında,
Qəlbimin alovundan əriyir aram-aram…

Küsdürdüyün ürəkdə indi yurd salıb kədər,
Ora necə yol tapar söylə hansı sevən kəs?
Qırılan siqaretdən tüstü çıxmırsa əgər,
Qırılan bir ürəkdən sevgi gözləmək əbəs…

Duz yüküymüş anladım, bu sevdanı daşımaq,
Hər gün biraz intihar,biraz ölmək kimiymiş
Nəfəs almaq deyilmiş səndən ayrı yaşamaq,
Atəşlərdə od tutub külə dönmək kimiymiş…

Beləcə yaşayıram param- parça, tarimar
Səməndər quşu kimi oda yanmağı seçdim.
Yox, səni qınamıram, sənin nə günahın var,
Sən məni aldatmadın, mən inanmağı seçdim…

Müəllif: Xatirə Xatun