28 апреля 2025

XƏBƏRDARLIQ

Malik azanın səsinə oyanıb sübh namazını qıldı. Sonra iş otağına keçib elektrik sobasını yandırdı və kresloda oturdu. Bu zaman qapı açıldı, həyat yoldaşı Zeynəb içəri girib dedi:

— Salam sabahın xeyir olsun, bəy! Yuxuya dalmısan, yoxsa unutmusan?

— Nəyi, Zeynəb xanım?

— Axı biz bu gün Fatiməni Bakıya həkimə aparmalıyıq. Tez çıxmaq lazımdır. Uşağın yeməyini vermişəm, otağında gözləyir. Biz də oturub səhər yeməyini yeyək, tez yola düşək, yoxsa gecikərik.

— Narahat olma xanım, bu dəqiqə gəlirəm. Çay süz soyusun.

— Süzmüşəm bəy, artıq soyuyur.

— Yaxşı, sən get, mən də birazdan gəlirəm.

Bir-iki dəqiqədən sonra Malik gəlib masanın arxasına oturdu və soruşdu:

— Uşaq necədir?

— Yaman narahatdır, getmək istəmir. Əməliyyatdan qorxur. Deyir ki, əməliyyat olunsam öləcəyəm. Dünən bütün günü Allaha yalvarıb, dualar edirdi. Səhər onu oyadanda durmaq istəmirdi. Güclə qaldırmışam onu.

— Sən anasan. Ona təsəlli ver, sağalacağını söylə.

— Hə, yadıma düşdü. Bir də deyirdi ki, qəribə yuxular görmüşdür. Yuxuda guya ona deyiblər ki, əməliyyata girmədən sağalacaqsan. Odur ki, dedi: – Ana, ataya de ki, həkimlə danışsın. Bu gün getməyək.

— Ay Zeynəb, sən nə danışırsan? Uşaqdır da, qorxur deyə vaxtı uzatmaq istəyir.

— Anladım bəy. Onda mən gedim Fatiməni yola çıxmaq üçün hazırlayım.

Malik çay içib ayağa durdu və dedi:

— Bu qədər bəsdir. Mən gedim maşını işə salım, mühərriki qızsın. Siz də hazırlaşın.

— Bəy, sən axı yemək yemədin.

— İştaham yoxdur. Yeməyə bir şeylər götür, acsam yolda yeyərəm.

— Yaxşı bəy. Mən Fatiməni geyindirib həyətə düşənə qədər maşını həyətdən yola çıxart.

Zeynəb Fatimə ilə evdən çıxıb qapını bağladı. Düşüb maşının arxa oturacağına oturdular. Adyalla qızını örtüb dedi:

— Yat qızım. Əməliyyatdan sonra, tez bir zamanda sağalacaqsan.

— Yox anacan, sən mənə təsəlli verirsən, bilirəm. Mən də istəyirəm dediyin kimi olsun.

Malik sükan arxasına oturub yola düşdülər. Həmişəki kimi maşını yüksək sürətlə sürürdü. Həm də yol da bir qədər dumanlı idi. Odur ki, Zeynəb Malikə dedi:

— Maşını bir qədər yavaş sür, bəy.

— Sürətli deyil xanım!

Bu zaman duman çəkildi, güclü yağış yağmağa başladı. Artıq bir saata yaxın idi ki, yol gedirdilər. Aramsız yağan yağış indi daha güclü yağırdı.

Birdən güclü yağış dayandı, amma əvəzində qatı duman peyda oldu. Duman hərəkət etməyə imkan verməsə də, Malik yoluna davam edirdi. Amma sürəti bir qədər azaltdı, yoxsa 10-15 metr məsafəni güclə görmək olurdu. İyirmi dəqiqədən sonra yolda dumanın qatılığı bir qədər azaldı. Malik maşının sürətini artırdı. Amma maşını narahat sürürdü. Bunu hiss edən Zeynəb, Malikdən soruşdu:

— Narahat görünürsən, elə mən də narahatam. Bəlkə maşını saxlayıb istirahət edək?

— Yox, yorğun deyiləm. Amma bayaqdan fikir verirəm, mənə elə gəlir ki, indi getdiyimiz yolu bu gün artıq bir dəfə getmişik.

— Necə yəni, getmişik?

— Elə mən də əvvəl fikirləşdim ki, ola bilməz. Onda epizodları izləməyə başladım. Gördüm ki, düz çıxır. Yağışın tezliklə dayanacağını, əvəzində qatı dumanın olacağını, öncədən öz-özümə söylədim. Elə də oldu.

— Sən məni qorxudursan. Heç olurmu belə şeylər? Sən tələsmə maşını sür, amma diqqətli ol.

— Diqqətliyəm, narahat olma. Bircə bu hisslər keçsəydi. Sən uşağa bax gör necədir.

— Yatır.

— Qoy yatsın.

Bir qədər gedəndən sonra Malik dedi:

— Zeynəb.

— Eşidirəm bəy.

— Yenə də tanış səhnələri görürəm. Bayaq yolun ortasında, asfaltın üzərində ölü bir çaqqalın leşini qarğalar yeyirdi.

— Hə, nə olsun. Mən də gördüm.

— Məsələ ondadır ki, mən artıq bu gün eyni səhnəni görmüşdüm.

— Bəlkə yorğunsan bəy, maşını ver kənara saxla, gözləyək, duman çəkilsin. Yoxsa narahat hisslərim daha da artır.

— Yox, gecikə bilərik. Ehtiyatlı sürürəm. Zeynəb, mənə elə gəlir ki, biz qarşıda yolun kənarında bir yaşlı kişi görəcəyik. Maşını saxlamağımızı istəyəcək.

— Bax indi görəcəyik düzmü deyirsən. Bir də, de görüm sən nə etdin, maşını saxladınmı?

— Yox saxlamadım.

— Sonra nə oldu?

— Xatırlamıram.

Malik yoluna davam edirdi. Haradasa 8-10 dəqiqə gedəndən sonra həqiqətən də yolun kənarında yaşlı bir kişi onlara əl edib maşını saxlatdırmaq istədi.

— Zeynəb gördün? Dediyim düz çıxdı.

— Gördüm! Sən maşını saxla hələ.

Malik maşını sağa, yolun kənarına verib saxladı və Zeynəbdən soruşdu:

— Niyə maşını saxlamağımı istədin?

— Sən xatırla bundan sonra nə görmüşdün?

— Yadımda deyil. Xatırlaya bilmirəm.

— Sən maşını arxaya sür. Nə qədər ki, uzaqlaşmamısan.

— Nə üçün?

— Gedək o kişini götürək, qoy belə bir havada yolda qalmasın.

— Yaxşı, madam ki, belə istəyirsən, gedək.

Malik maşını geriyə verib yolun qırağında dayanmış kişinin qabağında saxladı. Qapının şüşəsini endirib dedi:

— Salaməleyküm.

— Əleykümsalam.

— Maşını saxlamağımı istədiniz.

— Allah Sizdən razı olsun. Yolum Bakıya tərəfdir.

— Buyurun, mən sizi apararam.

Yaşlı, ağ saçlı nurani kişi maşına oturdu, Malik yoluna davam etdi. Amma hər şey dəyişdi, Malik əvvəlki kimi narahat deyildi. Yolun təkrar getməsi hissi də yox olmuşdu. Sakitcə yoluna davam edirdilər. Birdən yaşlı kişi dedi:

— Qızınızı həkimə aparırsınız?

— Siz necə bildiniz, axı qızımın xəstə olması barədə sizə demədim.

— Hiss etdim. Fikirləşdim ki, bu vaxtı, belə havada yola çıxmazlar.

— Doğrudur. Uşaqda bədxassəli şiş aşkarlanıb. Hazırlıq işləri də tamamlanıb. Bu gün qızımı əməliyyat edəcəklər. Həkimlər deyirlər ki, ağırlaşma yoxdur. Nə qədər tez götürsək yaxşıdır.

— Əslində mən də həkiməm, bu işləri yaxşı bilirəm. Götürmək doğrudur.

Birdən uşaq bərkdən öskürməyə başladı. Malik soruşdu:

— Zeynəb, uşağa nə oldu?

— Yaşlı kişi dönüb bir anlığa uşağın əlindən tutdu və öskürək dərhal kəsildi.

Uşağın əlini buraxıb dedi:

— Mən mənzilimə çatdım. Zəhmət olmasa maşını kənara verib saxlayın.

Kişi maşından düşəndən sonra, Malikə dedi:

— Qarşıda bir istirahət məkanı var. Orada 15-20 dəqiqə dincələrsiniz.

Malik yola davam etdi və üç-dörd dəqiqə getmişdi ki, istirahət məkanı göründü. Maşını saxlamaq istəyəndə Zeynəb dedi:

— Biz gecikərik, bəy.

— Yox! Mütləq dayanmalıyıq. Çünki o kişi bizimlə olanda özümü çox rahat hiss edirdim. Bəlkə doğrudan da yorğunam, ona görədir.

Malik maşınını istirahət məkanının qabağında saxladı və dedi:

— Sən Fatiməni yavaşca oyat.

— Yox bəy, sən get, mən uşaqla maşında qalaram. Qoy yatsın.

— Yaxşı. Sizin üçün yeməyə bir şey alımmı?

— Yox, lazım deyil. Evdən ərzaq, termosda çay götürmüşəm.

Malik maşından düşdü, astaca qapısını bağladı və gedib istirahət məkanına girdi. Məkanda bir xidmətçidən başqa heç kəs yox idi. Çay istədi, oturub divarda asılmış televizora baxırdı. Düz 15 dəqiqə keçmişdi ki, birdən televizorda səhər verilişi kəsildi. Diktor bir təcili xəbəri elan etdi:

— Sürücülərin nəzərinə! Bu gün səhər saat 8 radələrində, Bakı-Astara trasının 109-cu km-də bir neçə maşının toqquşması nəticəsində ağır yol qəzası baş vermişdir. Nəticədə bir avtomobildə üç nəfərdən ibarət bir ailə üzvləri faciəvi şəkildə həlak olmuşlar. Hadisə yerində fövqəladə xilasetmə briqadası çalışır.

Malik xəbəri eşidən kimi tez məkanı tərk elədi və yaxınlaşıb maşınına oturdu. Zeynəb Maliki həyəcanlı halda olduğunu görüb soruşdu:

— Sənə nə olub, niyə rəngin ağappaqdır?

— Heç, hər şey qaydasındadır. Artıq yola düşmək vaxtıdır.

Malik mühərriki işə saldı.

Elə bu an otağın qapısı açıldı və Zeynəbin ayaq səsinə Malik oyandı:

— Sabahın xeyir bəy. Deyəsən yuxu səni aparıb.

— Hə, yuxulamışam.

— Həkimə gedəcəkdik, unutmusan?

— Yox, unutmamışam! Amma bu gün Bakıya getmirik.

— Niyə, qərarını nədən dəyişdin?

— Rahat deyiləm, ona görə. Sən narahat olma. Mən həkimlə danışaram. Başqa bir gün gedərik.

Birdən qapı açıldı. Fatimə içəri girib atasına sarıldı.

— Qızım sən oyandın?

— Oyandım ata! Ata əməliyyat nə tez qurtardı. Mən heç ağrı da hiss etmədim. Artıq çox yaxşıyam. Ata, mən səni və anamı çox sevirəm.

Malik ilə Zeynəb bir-birinə baxıb, bir anlığa donub qaldılar. Qızının indiki halını görən Malik əlini göyə qaldırıb, – «Şükürlər olsun sənə, ey Allahım!» Sonra Malik diz üstə yerə çöküb qızını bir daha qucaqlayıb bağrına basdı.

Müəllif: Səfahət Şəfi Həsənov